Aprel ayı dünyada orqan donorluğu üzrə maarifləndirmə ayı kimi qeyd olunur. Bu ay çərçivəsində bütün dünyada orqan donorluğunun əhəmiyyəti ilə bağlı genişmiqyaslı tədbirlər təşkil edilir.
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (ODTKM) Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən orqan donorluğu və transplantasiya mövzusunda növbəti maarifləndirici tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.
Tədbiri giriş sözü ilə açan Akademiyanın keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov orqan donorluğu sahəsində maarifləndirmənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə ardıcıl fəaliyyətin vacibliyini qeyd edib.
ODTKM İdarə Heyəti sədrinin müavini Ağababa Nəsirov çıxışında orqan transplantasiyasına ehtiyacı olan insanların vəziyyətinə diqqət çəkib. O bildirib ki, mərkəzə hər gün çoxsaylı müraciətlər daxil olur və bu insanların həyatını xilas etmək əsas prioritetdir. Qeyd edib ki, beyin ölümü keçirmiş bir donor 8-10 insanın həyatını xilas edə bilər.
Sağlamlıq və menecment fakültəsinin dekan müavini Ahu-Müjgan Muradova orqan donorluğunun insan həyatında oynadığı mühüm rolu vurğulayıb. O bildirib ki, orqan bağışlamaq insanlığın ən ali dəyərlərindən biri olan paylaşma və yardımlaşmanın bariz nümunəsidir.
ODTKM-nin həkim-koordinatoru Mehriban Əliyeva çıxışında Azərbaycanın regionda transplantasiya sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. O bildirib ki, Cənubi Qafqazda həm meyit, həm də canlı donordan ilk transplantasiya əməliyyatları məhz ölkəmizdə həyata keçirilib. Bu nailiyyətlərin səhiyyə sisteminin inkişafı, qanunvericiliyin şəffaflığı, həkimlərin peşəkarlığı və cəmiyyətin humanist dəyərləri sayəsində mümkün olduğu qeyd edilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, fəallığı ilə seçilən iştirakçılara simvolik hədiyyələr təqdim olunub.